Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

I fəsil

AZƏRBAYCAN RESPUBLİKASININ İNSAN HüQUQLARI üZRƏ MüVƏKKİLİNİN (OMBUDSMANIN) FƏALİYYƏTİNİN VƏ TƏYİN EDİLMƏSİNİN ƏSASLARI

Maddə 1. İnsan hüquqları üzrə Müvəkkilin (ombudsmanın) fəaliyyətinin əsasları

1.1. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsi (bundan sonra – Müvəkkil) Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət orqanları, bələdiyyələr, habelə dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər) və büdcə təşkilatları (bundan sonra – dövlət orqanları, bələdiyyələr və digər qurumlar), onların vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və bu Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis edilir.

1.2. Müvəkkil “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını həyata keçirir. İşgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədi ilə o, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkir.

1.3. Müvəkkil dövlət orqanlarının, bələdiyyələrin, publik hüquqi şəxslərin, onların vəzifəli şəxslərinin (bundan sonra – informasiya sahibləri) “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir.

1.3-1. Müvəkkil “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın və “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir.

1.4. Müvəkkil fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli, regional və beynəlxalq təşkilatlarla, habelə xarici ölkələrin insan hüquqları təsisatları ilə əməkdaşlıq edə, bu məqsədlə müqavilələr bağlaya, beynəlxalq qurumlarda təmsil oluna bilər.

1.5. Müvəkkilin fəaliyyəti insan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır və əvəz etmir.

1.6. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının və Azərbaycan Respublikası hakimlərinin fəaliyyətinin yoxlanılması Müvəkkilin səlahiyyətlərinə aid deyil.

1.7. Müvəkkil əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı Azərbaycan Respublikası Prezidentinə təkliflər verə bilər.

1.8. Müvəkkil Azərbaycan Respublikasının Milli Məclisinə insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə qanunların qəbul edilməsinə, ləğv edilməsinə və ya qanunlarda dəyişikliklər edilməsinə dair təkliflər verə bilər. Müvəkkil Azərbaycan Respublikasının Milli Məclisinə amnistiya elan edilməsi barədə təklif verə bilər.

1.9. Müvəkkilin məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, habelə məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq hüququ vardır.

1.10. Müvəkkilin fəaliyyəti aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında qurulur.

1.11. Müvəkkil insan hüquqları sahəsində dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyaların icrası prosesinin təhlilini apara, rəy və təkliflərini müvafiq sahədə monitorinq və qiymətləndirməni həyata keçirən quruma təqdim edə bilər.

 

Maddə 2. Müvəkkilin seçilməsi

 

2.1. Müvəkkili Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi üç namizəd arasından Azərbaycan Respublikasının Milli Məclisi 83 səs çoxluğu ilə seçir.

2.2. Azərbaycan Respublikasının Milli Məclisi Müvəkkilin seçilməsi ilə bağlı qərarı qəbul etmədikdə, Azərbaycan Respublikasının Prezidenti 15 gün müddətində digər üç şəxsin namizədliyini Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir.

 

 

Maddə 4. Müvəkkilin səlahiyyət müddəti

 

4.1. Müvəkkil 7 il müddətinə seçilir.

4.2. Eyni şəxs Müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.

4.3. Müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisinə yeni Müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Azərbaycan Respublikasının Milli Məclisi 15 gün müddətində Müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

 

 

 

Mini quiz

Sual yüklənir... Proqramın son versiyasını yükləməyiniz xahiş olunur.

 

 

II fəsil

İNSAN HüQUQLARININ POZULMASINA DAİR ŞİKAYƏTLƏRƏ BAXILMASI, MİLLİ PREVENTİV MEXANİZMİN VƏ MüSTƏQİL MONİTORİNQ MEXANİZMİNİN FUNKSİYALARININ HƏYATA KEçİRİLMƏSİ

 

Maddə 8. İnsan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi qaydası

 

8.1. Müvəkkil Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin (bundan sonra – ərizəçi) insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır.

8.2. Şikayəti insan hüquqları pozulmuş şəxsin razılığı ilə üçüncü şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), media subyektləri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri (bundan sonra – vətəndaş cəmiyyəti institutları) verə bilərlər. İnsan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda (həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və s.), şikayəti üçüncü şəxslər və ya vətəndaş cəmiyyəti institutları razılıq almadan da verə bilərlər.

8.3. Dövlət orqanları Müvəkkilə şikayət verə bilməzlər.

8.4. Şikayət ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən bir il müddətində verilə bilər.

8.5. Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlama yerlərində, qarnizon hauptvaxtlarında, qanunsuz miqrantların saxlanılması mərkəzlərində, habelə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərdə, o cümlədən müvafiq tibb və təhsil müəssisələrində (bundan sonra – şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlər) saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər senzuradan keçirilmədən 24 saat müddətində Müvəkkilə göndərilməlidir.

 

Maddə 9. İnsan hüquqlarının pozulmasına dair şikayətin məzmunu

 

9.1. İnsan hüquqlarının pozulmasına dair şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı göstərilməli, eləcə də ərizəçinin hüquqlarını pozmuş qərar və ya hərəkətin (hərəkətsizliyin) mahiyyəti, şikayətin tərtib edilmə yeri, vaxtı və ərizəçinin imzası olmalıdır. Şikayətlə bağlı başqa materiallar və ya məhkəmə tərəfindən çıxarılmış qərar olduqda, şikayətə əlavə edilə bilər.

9.2. Şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı və imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadıqda müraciət anonim hesab edilir və həmin şikayətlərə, bu Qanunun 9.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, baxılmır.

9.3. Anonim şikayətdə göstərilən hallar kifayət qədər sübutlu və əsaslı faktlarla təsdiq edilirsə, həmin şikayətlər Müvəkkil tərəfindən baxılmaq üçün qəbul edilir.

9.4. Şikayət şifahi verildikdə, Müvəkkil aparatının işçisi şikayətin məzmununu xüsusi blankda qeyd edir və ərizəçi həmin vərəqi imzalayır.

9.5. Ərizəçinin xahişi ilə Müvəkkil onun barəsində məlumatları gizli saxlamalıdır.

 

Maddə 10. İnsan hüquqlarının pozulmasına dair şikayətlə bağlı qərarın qəbul edilməsi

 

10.1. Ərizəçi tərəfindən insan hüquqlarının pozulmasına dair şikayət daxil olduqda, Müvəkkil aşağıdakı qərarlarından birini qəbul edir:

10.1.1. şikayət baxılmaq üçün qəbul edilsin;

10.1.2. şikayətə baxılmasından imtina edilsin.

10.2. Müvəkkil şikayətə baxılmasından imtina etdiyi halda ərizəçiyə 10 iş günü müddətində yazılı şəkildə əsaslandırılmış cavab verir.

 

Maddə 11. İnsan hüquqlarının pozulmasına dair şikayətə baxılmasından imtina edilməsi üçün əsaslar

 

11.1. Müvəkkil aşağıdakı hallarda şikayətə baxmır:

11.1.1. bu Qanunun 8.4-cü maddəsinin tələbləri pozulduqda;

11.1.2. şikayət Müvəkkilin səlahiyyətlərinə aid olmadıqda;

11.1.3. bu Qanunun 9.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, şikayət anonim olduqda;

11.1.4. şikayətlə bağlı məhkəmə icraatı getdikdə;

11.1.5. təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmadıqda.

 

Maddə 12. İnsan hüquqlarının pozulmasına dair şikayətə baxılması və milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi qaydası

 

12.1. Müvəkkil insan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı barəsində şikayət verilən dövlət orqanının, bələdiyyənin və digər qurumun və ya vəzifəli şəxsin həmin şikayətlə bağlı mülahizələrini öyrənməlidir. 10 iş günü müddətində mülahizə Müvəkkilə təqdim edilməlidir.

12.2. İnsan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması və milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi zamanı Müvəkkilin aşağıdakı hüquqları vardır:

12.2.1. istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən dövlət orqanlarına, bələdiyyələrə və digər qurumlara, hərbi hissələrə, polis orqanlarına, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə daxil olmaq; saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək; saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq; akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq; texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq; səlahiyyətli dövlət orqanlarına müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq;

12.2.2. dövlət orqanlarından, bələdiyyələrdən və digər qurumlardan, onların vəzifəli şəxslərindən zəruri məlumat, sənəd və materialları 10 iş günü müddətində almaq;

12.2.3. cinayət, mülki və inzibati işlərə dair qanuni qüvvəyə minmiş qərarlarla, həmçinin cinayət işlərinin başlanmasının rədd edilməsi barədə materiallarla tanış olmaq;

12.2.4. şikayətin araşdırılması zamanı vəzifəli şəxslərdən yazılı arayışlar almaq;

12.2.5. şikayətdə əks etdirilmiş halların yoxlanılması üçün müvafiq orqanlara tapşırıq vermək (yoxlama, qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən dövlət orqanına, bələdiyyəyə və digər quruma və ya vəzifəli şəxsə tapşırıla bilməz);

12.2.6. müvafiq dövlət orqanları və təşkilatlarına ekspert rəyinin hazırlanmasını tapşırmaq;

12.2.7. dövlət orqanlarının, bələdiyyələrin və digər qurumların rəhbərləri və digər vəzifəli şəxsləri, hərbi hissələrin komandirləri, polis orqanlarının, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək;

12.2.8. şikayət üzrə yerində araşdırma aparmaq və nəticələrini sənədləşdirmək;

12.2.9. bu Konstitusiya Qanununun II fəsli ilə müəyyən edilmiş qaydada şikayətlərə baxılması, milli preventiv mexanizmin və müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi zamanı hüquq pozuntularının qarşısının alınması və aşkar edilmiş pozuntuların aradan qaldırılması məqsədilə dövlət orqanlarının, bələdiyyələrin və digər qurumların nümayəndələrini dəvət etməklə tədbirlər görmək.

12.3. Müvəkkilə məlumat verilməsinə görə hər hansı şəxsə və ya təşkilata təzyiq göstərilməsi, yaxud şəxsin və ya təşkilatın təqib edilməsi yolverilməzdir.

12.4. İnsan hüquqları pozulmuş şəxsin razılığı ilə xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda və ya öz hüquqlarını müstəqil şəkildə müdafiə etmək qabiliyyəti olmayan şəxslərin maraqlarına toxunulduğu hallarda Müvəkkil öz təşəbbüsü ilə araşdırma aparır.

12.5. Araşdırma zamanı şikayətdə qeyd olunmayan digər hallar aşkar edilərsə, araşdırma Müvəkkilin səlahiyyətlərinə aid olduqda, onun tərəfindən aparılır, onun səlahiyyətlərinə aid olmadıqda isə materiallar digər səlahiyyətli dövlət orqanlarına göndərilir.

12.6. Şikayətə 30 gün müddətində baxılır. Şikayətə baxmaq üçün əlavə yoxlama aparmaq və ya material tələb etmək zərurəti yarandıqda müraciətə baxılma müddəti 30 günədək uzadılır. Şikayətçinin yazılı müraciəti ilə əlavə yoxlama aparmaq lazım gəldiyi halda şikayətə baxılma müddəti 30 günədək uzadılır.

 

Maddə 13. İnsan hüquqlarının pozulmasına dair şikayətə baxılmanın nəticələri

 

13.1. Müvəkkil şikayətə baxılması ilə bağlı görülmüş tədbirlər və nəticələr barədə 10 iş günü müddətində ərizəçiyə yazılı surətdə məlumat verir.

13.2. Müvəkkil şikayətin araşdırılması zamanı insan hüquqlarının pozulması hallarını aşkar etdikdə, aşağıdakı tədbirləri həyata keçirir:

13.2.1. qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş dövlət orqanlarından, bələdiyyələrdən və digər qurumlardan, onların vəzifəli şəxslərindən həmin hüquqların bərpasını tələb etmək (müvafiq dövlət orqanları, bələdiyyələr və digər qurumlar, vəzifəli şəxslər 10 iş günü müddətində Müvəkkilə görülən tədbirlər barədə yazılı surətdə məlumat verməlidirlər. Məlumat verilmədiyi və ya Müvəkkilin tələbləri həyata keçirilmədiyi hallarda Müvəkkil həmin təşkilatın yuxarı orqanına və ya digər dövlət orqanlarına müraciət edir);

13.2.2. cinayət əlamətləri aşkar edildikdə, müvafiq orqanlara cinayət işinin başlanması barədə müraciət etmək;

13.2.3. əlavə kassasiya qaydasında şikayət etmək hüququna malik olan subyektlərə müraciət etmək;

13.2.4. qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq dövlət orqanlarına, bələdiyyələrə və digər qurumlara təkliflər vermək;

13.2.5. insan hüquqlarının pozulması ilə əlaqədar aparılmış yoxlamaların nəticələri ilə kütləvi informasiya vasitələrini tanış etmək;

13.2.6. İnsan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda onların bərpası üçün Müvəkkilin səlahiyyətlərində olan təsir imkanları kifayət etmədikdə, Azərbaycan Respublikasının Prezidentinə müraciət etmək, Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məruzə ilə çıxmış etmək;

13.2.7. dövlət orqanının, bələdiyyənin və digər qurumun, vəzifəli şəxsin qərarı və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etmək;

13.2.8. şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək.

 

Maddə 13-1. İnformasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılmasının xüsusiyyətləri

 

13-1.1. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks olunmuş halları 10 iş günü ərzində araşdırır. Əgər şikayət dəqiqləşdirmə tələb edirsə və ya şikayəti araşdırmaq üçün əlavə izahat və sənədlər toplamaq lazımdırsa, Müvəkkil bu barədə şikayətçiyə yazılı məlumat verməklə şikayətə baxılması müddətini əlavə olaraq 10 iş gününə qədər uzadır.

13-1.2. Müvəkkil aşağıdakı hallarda şikayətə baxmır:

13-1.2.1. şikayət konkret informasiya sahibinin fəaliyyəti barəsində olmadıqda;

13-1.2.2. həmin iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

13-1.2.3. ərizəçi informasiya sahibinin informasiya əldə etmək üçün yaratdığı imkanlardan kifayət qədər səmərəli istifadə etmədikdə.

13-1.3. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks olunmuş halların araşdırılması zamanı informasiya tərəfindən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun aşağıdakı tələblərinə riayət edilib-edilmədiyini aydınlaşdırır:

13-1.3.1. informasiya əldə etmək üçün müraciətin (bundan sonra – informasiya sorğusunun) qeydiyyata alınması;

13-1.3.2. informasiya sorğusunun qanunla nəzərdə tutulmuş qaydada, müddətdə və üsulla təmin edilməsi;

13-1.3.3. informasiya sorğusunun icrasından imtinanın qanunun tələblərinə uyğun olması;

13-1.3.4. ictimai informasiyanın açıqlanması vəzifəsinin dəqiq və tam həcmdə yerinə yetirilməsi;

13-1.3.5. İnternet informasiya ehtiyatının yaradılmasının qanunun tələblərinə cavab verməsi;

13-1.3.6. informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətin qanunla nəzərdə tutulmuş qaydada müəyyənləşdirilməsi.

13-1.4. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlə bağlı informasiya sahibindən pozuntuların aradan qaldırılmasını tələb edir.

13-1.5. Müvəkkilin göstərişini aldıqdan sonra informasiya sahibi Müvəkkilə 10 iş günü müddətində görülən tədbirlər barəsində yazılı məlumat verməlidir. Məlumat verilmədiyi və ya Müvəkkilin tələbləri yerinə yetirilmədiyi hallarda Müvəkkil müvafiq yuxarı orqana müraciət edir.

13-1.6. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxarkən informasiya sahiblərindən zəruri məlumatları (sənədləri, materialları) və ya onların surətlərini tələb edə bilər. Həmin məlumatlar (sənədlər, materiallar) 5 iş günü müddətində Müvəkkilə təqdim edilməlidir.

Mini quiz

Sual yüklənir... Proqramın son versiyasını yükləməyiniz xahiş olunur.

 

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 28 dekabr 2001-ci il

№ 246-IIKQ