Normativ hüquqi aktlar haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU


Bu Konstitusiya Qanunu normativ hüquqi aktların hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarını müəyyən edir.

I fəsil

ÜMUMİ MüDDƏALAR

Maddə 1. Bu Konstitusiya Qanununda istifadə olunan əsas anlayışlar

1.0.1. normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd;

1.0.3. normativ xarakterli akt – bu Konstitusiya Qanununun 4.1-ci maddəsində müəyyən edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd;

1.0.4. hüquqi akt – normativ hüquqi akt, normativ xarakterli akt və ya qeyri-normativ hüquqi akt;

1.0.9. qanunvericilikdə boşluqlar – konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının olmaması;

1.0.10. qanunun analogiyası – konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi;

1.0.11. hüququn analogiyası – yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi;

1.0.12. normativ hüquqi aktların kolliziyası – eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktların ziddiyyəti (uyğunsuzluğu);

1.0.23. normativ hüquqi aktda dəyişikliklərin edilməsi – normativ hüquqi akta onun müddəalarının mətnini dəyişən və ya əlavə normaların daxil edilməsi;

1.0.24. normativ hüquqi aktdan sui-istifadə imkanı – normativ hüquqi aktda korrupsiya təzahürləri üçün şəraitin yaranmasına kömək edən müddəaların mövcudluğu;

1.0.25. diskresion səlahiyyətlər – orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətləri;

1.0.26. dispozitiv imkan – orqanın (şəxsin) öz seçimi ilə davranış imkanı;

1.0.27. normativ hüquqi aktın hüquqi qüvvəsi – normativ hüquqi aktın müvafiq ictimai münasibətlərə tətbiqinin məcburiliyini, habelə onun digər normativ hüquqi aktlar barəsində üstünlüyünü və ya tabeliyini müəyyən edən xarakteristika.

Maddə 2. Normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi

2.1. Normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir.

2.2. Normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin II, III, IV, V, VI hissələri və 151-ci maddəsi ilə müəyyən edilir.

2.3. Referendumla qəbul edilmiş akt (bundan sonra – referendum aktı), qanun, fərman və ya digər normativ hüquqi akt Azərbaycan Respublikasının Konstitusiyası ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Konstitusiyası tətbiq edilir.

2.4. Qanun, fərman və ya digər normativ hüquqi akt referendum aktı ilə ziddiyyət təşkil etdikdə referendum aktı tətbiq edilir.

2.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir.

2.6. Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir.

2.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları fərmanla ziddiyyət təşkil etdikdə fərman tətbiq edilir.

2.8. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı tətbiq edilir.

2.9. Nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir.

2.10. Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarının normativ hüquqi aktlarının hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin V hissəsi və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 49-cu maddəsinin II, III, IV və V hissələri ilə müəyyən edilir.

Maddə 3. Qeyri-normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi

3.1. Konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulan hüquqi aktlar qeyri-normativ hüquqi aktlar sayılır.

3.2. Qeyri-normativ hüquqi aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir.

3.3. Qeyri-normativ hüquqi aktlara aşağıdakılar aiddir:

3.3.1. Azərbaycan Respublikası Milli Məclisinin qərarları;

3.3.2. Azərbaycan Respublikası Prezidentinin sərəncamları;

3.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları;

3.3.4. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən orqanların aktları;

3.3.5. bu maddənin birinci hissəsinə uyğun olaraq qeyri-normativ hesab edilən digər hüquqi aktlar.

Maddə 4. Normativ xarakterli aktlar və onların hüquqi qüvvəsi

4.1. Azərbaycan Respublikasının normativ xarakterli aktları aşağıdakılardır:

4.1.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərinə və IV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları;

4.1.2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları;

4.1.3. maliyyə bazarları tənzimləyicisinin qərarları;

4.1.4. Məhkəmə-Hüquq Şurasının qərarları;

4.1.5. Azərbaycan Respublikası Audiovizual Şurasının qərarları;

4.1.6. yerli özünüidarə orqanlarının qərarları;

4.1.7. yerli icra hakimiyyəti orqanlarının qərarları.

4.2. Normativ xarakterli aktlar onların icra olunmamasına görə məsuliyyət müəyyən edə bilməz.

4.3. Normativ xarakterli aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir.

4.4. Bu Konstitusiya Qanununun 4.1.1-ci maddəsində nəzərdə tutulan normativ xarakterli aktlar istisna olmaqla, digər normativ xarakterli aktlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ziddiyyət təşkil edə bilməz.

Mini quiz

Sual yüklənir... Proqramın son versiyasını yükləməyiniz xahiş olunur.

 

 

IV fəsil

NORMATİV HüQUQİ AKTLARIN NöVLƏRİ

Maddə 17. Azərbaycan Respublikası Milli Məclisinin normativ hüquqi aktları

17.1. Azərbaycan Respublikası Konstitusiyasının 93-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin normativ hüquqi aktları qanunlar formasında qəbul edilir.

17.2. Tənzimlənməsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsi və 95-ci maddəsinin II hissəsi ilə Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aid edilmiş ictimai münasibətlər qanunla tənzimlənir.

17.3. Azərbaycan Respublikası Milli Məclisinin normativ hüquqi aktı qəbul olunduqda bu aktın istinad etdiyi Azərbaycan Respublikası Konstitusiyasının maddəsi göstərilməli və aktın həmin maddənin icrası məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.

Maddə 18. Azərbaycan Respublikası Prezidentinin normativ hüquqi aktları

18.1. Azərbaycan Respublikası Konstitusiyasının 113-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin normativ hüquqi aktları fərman formasında qəbul edilir.

18.2. Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyası ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aid edilmiş və normativ tənzimləmə predmeti olan məsələlər üzrə qəbul edilir.

18.3. Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilən əsasnamələr, nizamnamələr, qaydalar və norma nəzərdə tutan digər aktlar Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə təsdiq edilir.

18.4. Azərbaycan Respublikası Prezidentinin normativ hüquqi aktı qəbul olunduqda bu aktın istinad etdiyi Azərbaycan Respublikası Konstitusiyasının maddəsi göstərilməli və aktın həmin maddənin icrası məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.

Maddə 19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktları

19.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Konstitusiyasının 120-ci maddəsinin I hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikası Prezidentinin aktları əsasında, Azərbaycan Respublikası Konstitusiyasının, referendum aktının, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikası Prezidentinin aktları ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qərarlar formasında normativ hüquqi aktlar qəbul edir.

19.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilən əsasnamələr, nizamnamələr, qaydalar və norma nəzərdə tutan digər aktlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilir.

19.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti habelə mərkəzi icra hakimiyyəti orqanları tərəfindən həll edilə bilməyən məsələlər üzrə normativ hüquqi aktlar qəbul edir.

19.4. Normativ hüquqi akt Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul olunduqda bu normativ hüquqi aktın istinad etdiyi Azərbaycan Respublikası Konstitusiyasının maddəsi və ya Azərbaycan Respublikası Prezidentinin aktı göstərilməli və bu Konstitusiya Qanununun 19.1-ci maddəsində göstərilən aktların icrasını təmin etmək məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.

Maddə 20. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları

20.1. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Prezidentinin aktına, habelə Azərbaycan Respublikası Konstitusiyasından, referendum aktından, Azərbaycan Respublikası qanunlarından və Azərbaycan Respublikası Prezidentinin aktlarından irəli gəldiyi halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktına əsasən, yalnız Azərbaycan Respublikası Prezidentinin aktları ilə onların səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qəbul edilə bilər.

20.2. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları qərarlar formasında qəbul edilir.

20.3. Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən təlimatlar, əsasnamələr, nizamnamələr və qaydalar qərarlarla təsdiq edilir.

20.4. Normativ hüquqi akt mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul olunduqda bu normativ hüquqi aktın qəbulu üçün bu Konstitusiya Qanununun 20.1-ci maddəsinə uyğun olaraq əsas olmuş akt göstərilməli və həmin aktın icrasını təmin etmək məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.

Mini quiz

Sual yüklənir... Proqramın son versiyasını yükləməyiniz xahiş olunur.

 

 

VII fəsil

NORMATİV HüQUQİ AKTIN STRUKTURU

Maddə 28. Normativ hüquqi aktların rekvizitləri

28.0. Normativ hüquqi aktların məcburi rekvizitləri aşağıdakılardır:

28.0.1. aktın növü (Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin fərmanı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı və s.);

28.0.2. hüquqi tənzimləmə predmetini əks etdirən normativ hüquqi aktın adı (sərlövhəsi);

28.0.3. aktın qəbul edildiyi tarix, yer və qeydiyyat nömrəsi;

28.0.4. müvafiq normativ hüquqi aktı rəsmi imzalamaq səlahiyyətinə malik olan şəxsin adı, soyadı, vəzifəsi və imzası.

Maddə 83. Normativ hüquqi aktın rəsmi dərc edilmə müddətləri və şərtləri

83.1. Qanunlar və fərmanlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalandıqdan sonra 72 saat müddətində rəsmi dərc edilməlidir.

83.1-1. Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq olunması nəzərdə tutulan Azərbaycan Respublikasının Prezidentinin fərmanları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildikdən sonra 24 saat müddətində rəsmi dərc edilməlidir.

83.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları qəbul edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməlidir.

83.3. Digər normativ hüquqi aktlar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsindən sonra hökmən rəsmi dərc edilməlidir.

83.4. Səlahiyyətli dövlət orqanlarından rəsmi nəşr orqanlarına (Hüquqi Aktların Dövlət Reyestrinin nəşri istisna olmaqla) daxil olmuş normativ hüquqi aktlar, bu Konstitusiya Qanununun 83.1-ci, 83.1-1-ci və 83.2-ci maddələrində nəzərdə tutulmuş normativ hüquqi aktlar istisna olmaqla, onların daxil olduğu gündən 5 gün gec olmayaraq dərc edilməlidir.

Maddə 85. Normativ hüquqi aktların qüvvəyə minməsi

85.1. Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir.

85.2. Bu Konstitusiya Qanununun 85.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

85.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi aktda onun dərc edildiyi gündən ən azı 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir. Müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması şərti ilə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi akt onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər.

Mini quiz

Sual yüklənir... Proqramın son versiyasını yükləməyiniz xahiş olunur.

 

 

XVI fəsil

NORMATİV HüQUQİ AKTLARIN ZAMANA, MƏKANA VƏ ŞƏXSLƏRƏ GöRƏ QüVVƏSİ VƏ İCRASI

Maddə 86. Normativ hüquqi aktın zamana görə qüvvəsi

86.1. Normativ hüquqi akt onun mətnində digər hal nəzərdə tutulmadıqda müddətsiz qüvvədədir.

86.2. Normativ hüquqi akt və ya onun struktur elementləri üçün qüvvədə olmanın müddəti müəyyən edilə bilər. Bu halda normativ hüquqi aktda (struktur elementdə) onun qüvvədə olma müddəti və ya normativ hüquqi aktın (onun struktur elementinin) ləğv edilməsinə səbəb olan hadisə göstərilməlidir. Göstərilən müddət başa çatdıqda və ya normativ hüquqi aktda göstərilən hadisə baş verdikdə normativ hüquqi akt (onun struktur elementi) avtomatik olaraq ləğv edilir. Müəyyən edilmiş müddət başa çatana qədər normativ hüquqi aktı qəbul etmiş orqan normativ hüquqi aktın (onun struktur elementinin) qüvvəsinin yeni müddətə uzadılması və ya ona müddətsiz statusunun verilməsi haqqında qərar qəbul edə bilər.

Maddə 87. Normativ hüquqi aktın geriyə qüvvəsi

87.1. Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi ilə tənzimlənir.

87.2. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir.

87.3. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir.

Maddə 88. Normativ hüquqi aktların məkana və şəxslərə görə qüvvəsi

88.1. Normativ hüquqi aktlar Azərbaycan Respublikasının bütün ərazisində məcburi qüvvəyə malikdir.

88.2. Normativ hüquqi aktların qüvvəsi, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə şamil edilir.

Maddə 89. Normativ hüquqi aktın qüvvəsinin itirilməsi

89.1. Normativ hüquqi akt (onun struktur elementi) aşağıdakı hallarda öz qüvvəsini itirir:

89.1.1. normativ hüquqi aktın (onun struktur elementinin) tətbiqi müddəti başa çatdıqda;

89.1.2. normativ hüquqi akt (onun struktur elementi) Azərbaycan Respublikasının Konstitusiyası, bu Konstitusiya Qanunu və digər qanunvericilik aktları ilə nəzərdə tutulan hallarda ləğv edildikdə;

89.1.3. normativ hüquqi akt (onun struktur elementi) Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-3-cü və 6-cı, 7-ci bəndlərində nəzərdə tutulmuş hallarla əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı ilə qüvvədən düşmüş hesab edildikdə.

89.2. Bu Konstitusiya Qanununun 89.1.3-cü maddəsinə uyğun olaraq normativ hüquqi akt (onun struktur elementi) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı ilə qüvvədən düşmüş hesab edildikdə həmin normativ hüquqi akt (onun struktur elementi) onu qəbul etmiş normayaratma orqanı tərəfindən ləğv edilir.

Maddə 92. Normativ hüquqi aktların icrasına nəzarət

Normativ hüquqi aktların icrasına nəzarət və yoxlanılması normayaratma orqanları (vəzifəli şəxslər) və müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş xüsusi orqanlar (şəxslər) tərəfindən həyata keçirilir.



Mini quiz

Sual yüklənir... Proqramın son versiyasını yükləməyiniz xahiş olunur.

 

 


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti



Bakı şəhəri, 21 dekabr 2010-cu il

№ 21-IVKQ