AZƏRBAYCAN RESPUBLİKASININ MüLKİ MƏCƏLLƏSİ

üMUMİ HİSSƏ

İkinci bölmə

ŞƏXSLƏR

3-cü fəsil.

Fiziki şəxslər

Maddə 24. Fiziki şəxs anlayışı

24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir.

24.2. Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan әcnәbilәr və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir.

Maddə 25. Fiziki şəxsin mülki hüquq qabiliyyəti

25.1. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır.

25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır.

25.3. Vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür.

25.4. Fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz.

Maddə 26. Ad hüququ

26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır.

26.2. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir.

26.3. Qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxs təxəllüsdən (uydurma addan) istifadə edə bilər.

26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin.

26.5. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır.

26.6. Başqa şəxsin adı ilə hüquq və vəzifələr əldə edilməsinə yol verilmir.

26.7. Fiziki şəxsin adından qanunsuz istifadə nəticəsində ona vurulmuş ziyanın əvəzi bu Məcəlləyə müvafiq surətdə ödənilməlidir.

26.8. Fiziki şəxsin adı onun şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunan üsullarla və ya formada təhrif edildikdə və ya istifadə olunduqda bu Məcəllənin 23-cü maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.

Maddə 27. Fiziki şəxsin yaşayış yeri

27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.

Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti

28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.

28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir.

28.3. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır.

28.4. On altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək müqaviləsi üzrə işləyirsə və ya valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, tam fəaliyyət qabiliyyətli sayıla bilər. Hər iki valideynin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı ilə, belə razılıq olmadıqda isə məhkəmənin qərarı ilə yetkinlik yaşına çatmayan tam fəaliyyət qabiliyyətli sayılır (emansipasiya).

28.5. Valideynlər, övladlığa götürənlər və himayəçi tam fəaliyyət qabiliyyətli sayılmış yetkinlik yaşına çatmayanın öhdəlikləri üçün, o cümlədən onun ziyan vurması nəticəsində əmələ gəlmiş öhdəliklər üçün məsuliyyət daşımırlar.

28.6. On səkkiz yaşına çatanadək nikaha girməyə qanunun yol verdiyi halda, on səkkiz yaşına çatmamış fiziki şəxs nikaha girdiyi vaxtdan tam həcmdə fəaliyyət qabiliyyəti əldə edir. Nikah bağlanması nəticəsində əldə edilmiş fəaliyyət qabiliyyəti nikahın on səkkiz yaşına çatanadək pozulduğu halda da tam həcmdə saxlanılır.

28.7. Nikah etibarsız sayıldıqda məhkəmə yetkinlik yaşına çatmayan ərin (arvadın) tam fəaliyyət qabiliyyətini məhkəmə tərəfindən müəyyənləşdirilən andan itirməsi barədə qərar qəbul edə bilər.

28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.

28.9. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir.

Maddə 29. 14 yaşınadək olan yetkinlik yaşına çatmayanların fəaliyyət qabiliyyəti

29.1. Bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır.

29.2. 7 yaşından 14 yaşınadək olan şəxslərin aşağıdakı əqdləri müstəqil bağlamaq ixtiyarı vardır:

29.2.1. xırda məişət əqdləri;

29.2.2. əvəzsiz olaraq fayda götürməyə yönəldilmiş elə əqdlər ki, onlardan əmələ gələn hüquqların notariat qaydasında təsdiqlənməsi və ya dövlət qeydiyyatına alınması tələb olunmur;

29.2.3. qanuni nümayəndənin özünün və ya onun razılığı ilə üçüncü şəxsin müəyyən məqsəd üçün və ya sərbəst istifadə üçün verdiyi vəsait barəsində sərəncam üzrə əqdlər.

29.3. 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın əqdləri, o cümlədən müstəqil bağladığı əqdlər üzrə əmlak məsuliyyətini onun valideynləri, övladlığa götürənlər və ya qəyyum daşıyır, bu şərtlə ki, həmin şəxslər öhdəliyin onların təqsiri üzündən pozulmadığını sübuta yetirməsinlər. Qanuna uyğun olaraq bu şəxslər azyaşlıların vurduqları ziyan üçün də cavabdehdirlər.

Maddə 30. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların fəaliyyət qabiliyyəti

30.1. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır.

30.2. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların ixtiyarı vardır ki, valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı olmadan müstəqil surətdə:

30.2.1. öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam versin;

30.2.2. elm, ədəbiyyat və ya incəsənət əsərinin, ixtiranın və ya qanunla qorunan digər əqli fəaliyyət nəticəsinin müəllifi hüquqlarını həyata keçirsin;

30.2.3. çıxarılmışdır;

30.2.4. xırda məişət əqdləri və bu Məcəllənin 29-2-ci maddəsində nəzərdə tutulan digər əqdlər bağlasın. On altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayanların kooperativ üzvü olmaq ixtiyarı da vardır.

30.3. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.1 və 30.2-ci maddələrinə uyğun bağladıqları əqdlər üzrə müstəqil surətdə əmlak məsuliyyəti daşıyırlar. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar vurduqları ziyana görə bu Məcəlləyə uyğun məsuliyyət daşıyırlar.

30.4. Yetərli əsaslar olduqda məhkəmə valideynlərin, övladlığa götürənlərin və ya himayəçinin və ya qəyyumluq və himayəçilik orqanının vəsatəti ilə 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanın (əgər, o tam həcmdə fəaliyyət qabiliyyəti əldə etməyibsə) öz qazancı, təqaüdü və ya digər gəlirləri barəsində müstəqil sərəncam vermək hüququnu məhdudlaşdıra və ya ala bilər.

Maddə 31. Fiziki şəxsin hüquq qabiliyyətindən və fəaliyyət qabiliyyətindən məhrum edilməsinin və bunların məhdudlaşdırılmasının yolverilməzliyi

31.1. Fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər.

31.2. Fiziki şəxslərin fəaliyyət qabiliyyətinin və ya onların sahibkarlıq fəaliyyəti və ya başqa fəaliyyətlə məşğul olmaq hüququnun məhdudlaşdırılmasının qanunla müəyyənləşdirilmiş şərtlərinin və qaydasının gözlənilməməsi müvafiq məhdudiyyəti qoymuş dövlət orqanının və ya digər orqanın aktının etibarsızlığına səbəb olur.

31.3. Fiziki şəxsin hüquq qabiliyyətindən və ya fəaliyyət qabiliyyətindən tamamilə və ya qismən imtina etməsi və hüquq qabiliyyətinin və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına yönəldilmiş digər əqdlər əhəmiyyətsizdir.

Maddə 32. Fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması

32.1. Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Belə şəxsin üzərində himayəçilik təyin edilir. Onun xırda məişət əqdləri bağlamaq ixtiyarı vardır. O, yalnız himayəçisinin razılığı ilə başqa əqdlər bağlaya bilər, habelə qazanc, pensiya və digər gəlirlər götürə bilər və bunlar barəsində sərəncam verə bilər. Lakin bu cür fiziki şəxs bağladığı əqdlər üzrə və vurduğu ziyan üçün müstəqil surətdə əmlak məsuliyyəti daşıyır. Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin himayəçinin razılığı tələb olunan hallarda, belə razılıq olmadan bağladığı əqd sonradan himayəçinin yazılı razılığı ilə etibarlı hesab edilə bilər.

32.2. Fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına səbəb olan əsaslar aradan qalxdıqda məhkəmə onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasını ləğv edir. Fiziki şəxsin üzərində təyin edilmiş himayəçilik məhkəmənin qərarına əsasən ləğv olunur.

Maddə 33. Qəyyumluq və himayəçilik

33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir.

33.2. Qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər.

33.3. Yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir.

33.4. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir.

33.5. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar.

33.6. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir.

33.7. Himayəçilər himayəçilikdə olan fiziki şəxslərin müstəqil surətdə bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verirlər. Himayəçilər himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə kömək göstərir, habelə onları üçüncü şəxslərin sui-istifadəsindən qoruyurlar.

Maddə 39. Fəaliyyət qabiliyyətli fiziki şəxs üzərində patronaj

39.1. Sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin xahişi ilə onun üzərində patronaj təyin edilə bilər. Patronaj təyin edilməsi fiziki şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb olmur.

39.2. Yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin patronu (köməkçisi) həmin fiziki şəxsin razılığı ilə qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin edilir.

39.3. Patron (köməkçi) fiziki şəxslə bağlanmış tapşırıq və ya etibarnamə ilə idarəetmə müqaviləsinə əsasən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsə mənsub əmlak barəsində sərəncam verir. Məişət tələbatının saxlanmasına və ödənilməsinə yönəldilən məişət əqdlərini və başqa əqdləri patron (köməkçi) fiziki şəxsin razılığı ilə bağlayır.

39.4. Bu Məcəllənin 39.1-ci maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxs üzərində təyin edilmiş patronaja patronajda olan fiziki şəxsin tələbi ilə xitam verilir. Patronajda olan fiziki şəxsin patronu (köməkçisi) bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulan hallarda öz vəzifələrini yerinə yetirməkdən azad edilir.

Mini quiz

Sual yüklənir... Proqramın son versiyasını yükləməyiniz xahiş olunur.

 

 

4-cü fəsil.

Hüquqi şəxslər

§1. Əsas müddəalar

Maddə 43. Hüquqi şəxs anlayışı və onun növləri

43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

43.2. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər.

43.3. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.

43.4. Bələdiyyələr mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edirlər. Bu hallarda bələdiyyənin səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.

43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər.

43.6. Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər.

43.7. Publik hüquqi şəxslərin fəaliyyəti bu Məcəllə, “Publik hüquqi şəxslər haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.

Maddə 44. Hüquqi şəxsin hüquq qabiliyyəti

44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.

44.2. Kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər.

44.3. Hüquqi şəxsin hüquqları yalnız qanunla nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər. Hüquqi şəxs öz hüquqlarının məhdudlaşdırılması haqqında qərardan məhkəməyə etiraz verə bilər.

44.4. Hüquqi şəxsin xüsusi icazə (lisenziya) alınması zəruri olan fəaliyyəti həyata keçirmək hüququ belə lisenziyanın alındığı andan və ya lisenziyada göstərilən vaxtda əmələ gəlir və bu hüquqa, əgər qanunvericiliklə ayrı qayda müəyyənləşdirilməyibsə, lisenziyanın müddəti qurtardıqda xitam verilir.

Maddə 45. Hüquqi şəxsin yaradılması

45.1. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır.

45.2. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər.

Maddə 46. Hüquqi şəxsin təsisçilərinin məsuliyyəti

Hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar.

Maddə 47. Hüquqi şəxsin nizamnaməsi

47.1. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir.

47.2. Hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Qeyri-kommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir. Hüquqi şəxslərin (publik hüquqi şəxslər və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş nizamnaməsi ilə dövlət nəzarəti və yoxlama funksiyaları verilmiş hüquqi şəxslər istisna olmaqla) nizamnamələrində dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir.

47.3. Nizamnamədə dəyişikliklər dövlət qeydiyyatına alındığı andan üçüncü şəxslər üçün hüquqi qüvvəyə minir. Lakin hüquqi şəxslər və onların təsisçiləri (iştirakçıları) həmin dəyişiklikləri nəzərə almaqla hərəkət etmiş üçüncü şəxslərlə münasibətlərdə həmin dəyişikliklərin qeydə alınmadığına istinad edə bilməzlər.

Maddə 49. Hüquqi şəxsin orqanları

49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir.

49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər.

49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir.

49.4. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır:

49.4.1. hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyri-mütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi;

49.4.2. hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi;

49.4.3. hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması;

49.4.4. hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması;

49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi;

49.4.6. səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması.

49.5. Hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir.

49.6. Bu Məcəllənin 49.4-cü maddəsində nəzərdə tutulan hallar baş verdikdə və ya bu halların baş verməsinə dair əsaslı şübhələr olduqda, hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan iştirakçısı (iştirakçıları) hüquqi şəxs adından çıxış edən şəxsdən, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsdən hüquqi şəxsdə olan və həmin hallarla bağlı bütün sənədlərə (konkret sənəd göstərilmədən) və ya məlumatlara baxış keçirmək məqsədi ilə həmin sənədləri (məlumatları) tələb edə bilər. Bu halda müraciət olunan şəxs tərəfindən həmin iştirakçının tələbi 5 (beş) iş günü ərzində təmin edilməlidir. İştirakçı həmin sənədin (məlumatın) surətini əldə etmək istədikdə, müraciət olunan şəxs tərəfindən həmin sənədin (məlumatın) təsdiqlənmiş surətləri təqdim olunur. İştirakçı baxış zamanı ona məlum olan və əldə etdiyi məlumatların konfidensiallığını qorumalı və qanunda nəzərdə tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə həmin məlumatları ötürməməlidir.

Maddə 49-1. Hüquqi şəxs tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası

49-1.1. Hüquqi şəxsə aidiyyəti olan şəxslə həmin hüquqi şəxs arasında bağlanılan hər hansı əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu aidiyyəti şəxslə əqd hesab edilir. Hüquqi şəxsə aidiyyəti olan şəxslər aşağıdakılardır:

49-1.1.1. hüquqi şəxsin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanının rəhbəri və üzvləri;

49-1.1.2. hüquqi şəxsin struktur bölməsinin (filial, nümayəndəlik, idarə və s.) rəhbəri;

49-1.1.3. bu Məcəllənin 49-1.1.1-ci və 49-1.1.2-ci maddələrində göstərilən şəxslərin qohumları (əri (arvadı), valideynləri, o cümlədən ərinin, arvadının valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları);

49-1.1.4. hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz və daha çox paya birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxs;

49-1.1.5. bu Məcəllənin 49-1.1.1-ci, 49-1.1.2-ci və 49-1.1.4-cü maddələrində göstərilən şəxslərin birbaşa və ya dolayısı ilə iştirak etdiyi hüquqi şəxslər;

49-1.1.6. hüquqi şəxsin, nizamnamə kapitalında ən azı 20 faiz payla iştirak etdiyi hüquqi şəxs;

49-1.1.7. bu Məcəllənin 49-1.1.4-cü və 49-1.1.6-cı maddələrində göstərilən hüquqi şəxslərdə ən azı 20 faiz paya (səhmlərə) malik olan hər hansı şəxs;

49-1.1.8. bu Məcəllənin 49-1.1.4-cü və 49-1.1.6-cı maddələrində göstərilən hüquqi şəxslərin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanlarının rəhbərləri;

49-1.1.9. “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş, müvafiq olaraq, banklara, bank olmayan kredit təşkilatlarına və investisiya fondlarına aidiyyəti olan digər şəxslər.

49-1.2. Aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxs tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə bağlanılır. Həmin əqdə münasibətdə aidiyyəti şəxs olan iştirakçı məsələ ilə əlaqədar olan səsvermədə iştirak edə bilməz.

49-1.3. Aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faizədək hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxsin nizamnaməsinə uyğun olaraq, onun iştirakçılarının ümumi yığıncağı, direktorlar şurası (müşahidə şurası) və ya banklara münasibətdə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla, icra orqanı tərəfindən qəbul olunur. Bu halda iştirakçıların ümumi yığıncağında, direktorlar şurasının (müşahidə şurasının) və kollegial icra orqanının iclaslarında aidiyyəti şəxs olan iştirakçı (üzv) səsvermədə iştirak edə bilməz. Hüquqi şəxsin təkbaşına icra orqanının rəhbəri, habelə onun bu Məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxsləri aidiyyəti şəxs qismində çıxış etdikdə onlarla hüquqi şəxs arasında əqd direktorlar şurasının (müşahidə şurasının), o olmadıqda isə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə bağlanılır.

49-1.4. Əqdin bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrinin tələbləri pozulmaqla bağlanılması nəticəsində hüquqi şəxsə dəyən zərərə görə təqsiri olan şəxslər məsuliyyət daşıyır. Əqdin digər tərəfi əqdin bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrinin tələbləri pozulmaqla bağlandığını bildikdə hüquqi şəxs və ya onun istənilən iştirakçısı bu Məcəllənin 337.1-ci və 339-cu maddələrinə müvafiq olaraq həmin əqdi mübahisələndirə bilər.

49-1.5. Hüquqi şəxsin direktorlar şurasının (müşahidə şurasının) rəhbəri və ya üzvləri özlərinin, bu Məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı hüquqi şəxsin iştirakçılarına yazılı şəkildə təqdim etməlidirlər.

49-1.6. Hüquqi şəxsin icra orqanının rəhbəri və ya digər üzvləri özlərinin, bu Məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı hüquqi şəxsin direktorlar şurasına (müşahidə şurasına), o olmadıqda hüquqi şəxsin iştirakçılarına yazılı şəkildə təqdim etməlidirlər.

49-1.7. Hüquqi şəxsin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanının rəhbəri və ya üzvləri istisna olmaqla digər şəxslər özlərinin, bu Məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı hüquqi şəxsin direktorlar şurasına (müşahidə şurasına), o olmadıqda hüquqi şəxsin icra orqanına yazılı şəkildə təqdim etməlidirlər.

Maddə 50. Hüquqi şəxsin adı

50.1. Hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur. Qeyri-kommersiya təşkilatının adında hüquqi şəxsin fəaliyyətinin xarakteri göstərilməlidir.

50.1-1. Qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz.

50.2. Kommersiya təşkilatı olan hüquqi şəxsin firma adı olmalıdır. Firma adı qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınmış hüquqi şəxsin həmin addan istifadəyə müstəsna hüququ vardır. Firma adlarının qeydiyyatı və işlədilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir.

50.3. Başqa hüquqi şəxsin firma adı ilə hüquqlar və vəzifələr əldə etməyə yol verilmir. özgəsinin qeydə alınmış firma adından haqsız istifadə edən şəxs firma adına hüququ olanın tələbi ilə ondan istifadəyə son qoymalı və vurduğu zərərin əvəzini ödəməlidir.

Maddə 51. Hüquqi şəxsin olduğu yer

Hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır.

Maddə 52. Hüquqi şəxsin məsuliyyəti

52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir.

52.2. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.

Maddə 53. Nümayəndəliklər və filiallar

53.1. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır.

53.2. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır.

53.3. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır.

Maddə 54. İdarə

54.1. Hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır.

54.2. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir.

54.3. İdarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir.

54.4. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür.

54.5. Dövlət idarələrinin və digər idarələrin ayrı-ayrı növlərinin hüquqi vəziyyətinin xüsusiyyətləri qanunvericiliklə müəyyənləşdirilir.

Maddə 55. Hüquqi şəxsin yenidən təşkili

55.1. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər.

55.2. Qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin bölünməsi və ya tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili məhkəmənin qərarı ilə həyata keçirilir.

55.3. Məhkəmə hüquqi şəxsin kənar idarəçisini təyin edir və ona hüquqi şəxsi yenidən təşkil etməyi tapşırır. Kənar idarəçinin təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Kənar idarəçi məhkəmədə hüquqi şəxsin adından çıxış edir, bölünmə balansını tərtib edib baxılmaq üçün onu yenidən təşkil nəticəsində yaranan hüquqi şəxslərin nizamnamələri ilə birlikdə məhkəməyə verir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, qanunvericiliyin tələblərinə riayət edilməklə yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün əsasdır.

55.4. Qoşulma şəklində yenidən təşkil halı istisna olmaqla, hüquqi şəxs yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alındığı andan yenidən təşkil edilmiş sayılır.

55.5. Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır.

55.6. Bankların yenidən təşkili “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

55.7. Barəsində tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi məqsədi ilə hüquqi şəxsin yenidən təşkil olunması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada qadağan oluna bilər. Hüquqi şəxsin yenidən təşkil edilməsinin qadağan olunması barədə məhkəmənin qərarı dərhal müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Maddə 56. Hüquqi şəxslər yenidən təşkil edilərkən hüquq varisliyi

56.1. Hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir.

56.2. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir.

56.3. Hüquqi şəxs bölündükdə onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxslərə keçir.

56.4. Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq onların hər birinə keçir.

56.5. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir.

Mini quiz

Sual yüklənir... Proqramın son versiyasını yükləməyiniz xahiş olunur.

 

 

20-ci fəsil.

Müqavilə hüququ

§1. Müqavilə anlayışı və şərtləri

Maddə 389. Müqavilə anlayışı

389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.

389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.

389.4. İkidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın.

Maddə 390. Müqavilə azadlığı

390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.

390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.

390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.

390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.

Maddə 391. Gələcək əmlak barəsində bağlanmış müqavilənin etibarsızlığı

Tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır, amma müqavilənin gələcək əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir. [375]

Maddə 392. Miras əmlak barəsində bağlanmış müqavilənin etibarsızlığı

392.1. Sağ olan şəxsin miras əmlakı barəsində başqa şəxslərin bağladığı müqavilə etibarsızdır. Eyni qayda sağ olan şəxsin miras əmlakından məcburi paylar və (və ya) onun vəsiyyət tapşırığı barəsində bağlanmış müqavilələrə də tətbiq edilir.

392.2. 392.1-ci maddənin qaydası qanun üzrə gələcək vərəsələrin qanun üzrə vərəsəlik zamanı onlardan birinin payı haqqında və məcburi pay haqqında bağladıqları müqavilələrə tətbiq edilmir.

Maddə 393. Əmlakın verilməsi barədə müqavilə

Tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir, amma müqavilənin hazırda olan əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar istisna təşkil edir.

Maddə 394. Daşınmaz əşyanın özgəninkiləşdirilməsi barədə müqavilənin bağlanması qaydası

Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. [376]

Maddə 395. Əşyanın yüklü edilməsi barədə müqavilənin hüdudları

Əgər şəxs öz əşyasını özgəninkiləşdirmək və ya yüklü etmək barəsində öhdəlik götürürsə, bu öhdəlik “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda, əşyanın ləvazimatına da şamil edilir. [377]

Maddə 396. Müqavilə öhdəlikləri barədə qaydaların qeyri-müqavilə öhdəliklərinə tətbiqi

öhdəliyin xarakterindən ayrı hal irəli gəlmirsə, müqavilə öhdəlikləri barədə qaydalar digər qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir.

Maddə 397. Əvəzli və əvəzsiz müqavilələr

397.1. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır.

397.2. Müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır.

397.3. Bu Məcəllədən, müqavilənin məzmunundan və ya mahiyyətindən ayrı hal irəli gəlmirsə, müqavilənin əvəzli olduğu ehtimal edilir.

Maddə 398. Qiymət

398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.

398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir.

398.3. Əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir.

Maddə 399. Müqavilənin qüvvəsi

399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir.

399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.

399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

Maddə 400. ümumi müqavilə

400.1. Əgər müqavilə tərəflərindən biri bazarda üstün mövqe tutursa, o, fəaliyyətin bu sahəsində kontragentlə müqavilə bağlamaqdan əsassız imtina etməməli, habelə kontragentə qeyri-bərabər şərtlərini təklif etməməlidir.

400.2. Sahibkarlıq məqsədi olmadan və ya özünün zəruri ehtiyaclarının ödənilməsi üçün əmlak və ya xidmət əldə edən və ya onlardan istifadə edən şəxslə, əgər digər tərəf özünün sahibkarlıq fəaliyyəti həddində hərəkət edirsə, müqavilə bağlamaqdan əsassız imtina edilə bilməz.[378]

Maddə 401. Qoşulma müqaviləsi - çıxarılmışdır .

Maddə 402. İlkin müqavilə

402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.

402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur.[380]

402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir.

402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır.

402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.

402.6. Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur.

Maddə 403. üçüncü şəxsin xeyrinə müqavilə

403.1. üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər.

403.2. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər.

403.3. Xüsusi qeyd-şərt olmadıqda, işin hallarına, o cümlədən onun məqsədinə əsasən aşağıdakılar müəyyənləşdirilməlidir:

403.3.1. üçüncü şəxs hüquq əldə etməlidir, yoxsa əldə etməməlidir;

403.3.2. bu hüquq dərhal, yoxsa müəyyən ilkin şərtlər olduqda əmələ gəlir;

403.3.3. üçüncü şəxsin razılığı olmadan onun hüququna xitam verməyə və ya hüququnu dəyişməyə müqavilənin tərəflərinin ixtiyarı var, yoxsa yox.

403.4. Müqavilədə üçüncü şəxsin xeyrinə qeyd-şərt qoymuş tərəf, kontragentin razılığından asılı olmayaraq, müqavilədə göstərilən üçüncü şəxsi dəyişmək hüququnu saxlayır.

403.5. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, üçüncü şəxsin müqavilə üzrə öz hüququndan istifadə etmək niyyətini borcluya bildirdiyi andan tərəflər bağladıqları müqaviləni üçüncü şəxsin razılığı olmadan ləğv edə və ya dəyişdirə bilməzlər.

403.6. Borclu kreditora qarşı irəli sürə biləcəyi etirazları müqavilədə üçüncü şəxsin tələbinə qarşı irəli sürə bilər.

403.7. üçüncü şəxs müqavilə üzrə ona verilmiş hüquqdan imtina etdikdə, kreditor həmin hüquqdan, əgər bu Məcəlləyə və müqaviləyə zidd deyilsə, istifadə edə bilər.

Maddə 403-1. Törəmə maliyyə alətləri

403-1.1. Törəmə maliyyə aləti hər hansı baza aktivini almaq, satmaq və ya dəyişdirmək hüququnu təsbit edən müqavilədir. Baza aktivi qismində qiymətli kağız (investisiya fond payı istisna olmaqla), valyuta, faiz dərəcəsi, gəlirlik, törəmə maliyyə aləti, əmtəə, maliyyə indeksi, kredit riski və s. çıxış edə bilər.[382]

403-1.2. Törəmə maliyyə alətlərinin standartlaşdırılmış formada fond birjası vasitəsilə yerləşdirilməsi və tədavülü qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda törəmə maliyyə alətləri ilə əməliyyatlar digər ticarət sistemində aparıldıqda, törəmə maliyyə alətlərinin yerləşdirilməsi və tədavülü həmin ticarət sisteminin qaydalarına müvafiq olaraq həyata keçirilir.[383]

403-1.3. Törəmə maliyyə alətlərinə fyuçers, opsion və svop aiddir.

403-1.4. Fyuçers baza aktivinin müəyyənləşdirilmiş növdə və sayda əvvəlcədən razılaşdırılmış tarixə və qiymətə alqı-satqısı üzrə törəmə maliyyə alətidir.

403-1.5. Opsion sahibinə birtərəfli qaydada baza aktivini almaq, satmaq və ya svop etmək hüququnu verən törəmə maliyyə alətidir.

403-1.6. Svop iki tərəf arasında eyni növ baza aktivlərinin dəyişdirilməsi üzrə törəmə maliyyə alətidir.

Maddə 404. Müqavilənin təfsiri

404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır.

404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.

404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.

Maddə 404-1. Dövlət satınalmaları müqaviləsi

Dövlət satınalmaları müqaviləsinə dair münasibətlər Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun tənzimlənir.

§ 2. Müqavilənin bağlanması

Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma

405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

Maddə 406. Müqavilənin forması

406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır.

406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.

Maddə 407. Müqavilənin bağlanması anı

407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır.

407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

407.3. çıxarılmışdır.

Maddə 408. Oferta

408.1. Müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır.

408.2. Şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır.

408.3. Oferta ünvan sahibinin onu aldığı andan onu göndərmiş şəxsi bağlı edir. Ofertanın geri götürülməsinə dair bildiriş ofertadan əvvəl və ya onun özü ilə eyni vaxtda daxil olduqda, oferta verilməmiş sayılır.

408.6. ünvan sahibinin aldığı oferta, əgər ofertanın özündə ayrı qayda şərtləşdirilməyibsə, yaxud təklifin mahiyyətindən və ya verildiyi şəraitdən ayrı qayda irəli gəlmirsə, onun aksepti üçün müəyyənləşdirilmiş müddət ərzində geri götürülə bilməz.

408.7. Əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır.

Maddə 409. Aksept

409.1. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır.

409.2. Əgər oferent aksept üçün müddət müəyyənləşdiribsə, aksept yalnız həmin müddətdə həyata keçirilə bilər.

409.3. Əgər bu Məcəllədən, işgüzar adətdən və ya tərəflərin əvvəlki işgüzar münasibətlərindən ayrı qayda irəli gəlmirsə, susmaq aksept sayılmır.

409.4. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır.

409.5. Aksept oferentə gec çatdıqda və akseptdən onun vaxtında göndərildiyi məlum olduqda, aksept yalnız o halda gecikmiş sayıla bilər ki, oferent bu barədə digər tərəfə dərhal məlumat vermiş olsun. Əgər oferta göndərmiş tərəf digər tərəfin gec alınmış akseptini qəbul etdiyi barədə ona dərhal məlumat verərsə, müqavilə bağlanmış sayılır.

409.6. Akseptin geri götürülməsi haqqında bildiriş oferta göndərmiş şəxsə akseptdən əvvəl və ya onunla bir vaxtda çatdıqda, aksept alınmamış sayılır.

409.7. Əgər ofertada aksept üçün müddət müəyyənləşdirilibsə, ofertanı göndərmiş şəxs aksepti ofertada göstərilən müddət ərzində aldıqda müqavilə bağlanmış sayılır.

409.8. Əgər yazılı ofertada aksept üçün müddət müəyyənləşdirilməyibsə, müqavilə bu şərtlə bağlanmış sayılır ki, oferta göndərmiş şəxs aksepti bu Məcəllədə müəyyənləşdirilmiş müddət qurtarana qədər, belə müddət müəyyənləşdirilmədikdə isə bunun üçün zəruri olan müddət ərzində almış olsun.

409.9. Əgər oferta aksept üçün müddət göstərilmədən, şifahi edilmişsə, digər tərəf ofertanın akseptini dərhal bildirdikdə müqavilə bağlanmış sayılır.

409.10. Bu Məcəllənin 409.8-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ünvanında olan şəxsə verilmiş oferta dərhal qəbul və ya rədd edilməlidir.

409.11. Bu Məcəllənin 409.8-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ünvanında olmayan şəxsə verilmiş oferta yalnız oferta vermiş şəxsin adətən cavab gözləyə biləcəyi müddətədək qəbul edilə bilər.

Maddə 410. Yeni oferta

410.1. Oferta üçün gecikmiş aksept yeni oferta sayılır.

410.2. Əgər cavabda müqaviləni ofertada nəzərdə tutulduğundan fərqlənən başqa şərtlərlə bağlamağa razılıq ifadə olunmuşsa, belə cavab ofertadan imtina və eyni zamanda yeni təklif sayılır.

Maddə 411. Müqavilənin bağlandığı yer

411.1. Əgər müqavilədə onun bağlandığı yer göstərilməyibsə, müqavilə ofertanı göndərmiş fiziki şəxsin yaşayış yerində və ya hüquqi şəxsin olduğu yerdə bağlanmış sayılır.

411.2. İstehlakçı ilə öz müəssisəsinin hüdudları daxilində küçədə, evin qabağında və buna bənzər yerlərdə ticarət edən şəxs arasında bağlanan müqavilə yalnız o halda etibarlıdır ki, istehlakçı bir həftə müddətində müqavilədən yazılı surətdə imtina etməsin, amma müqavilənin bağlandığı zaman icra olunduğu hallar istisna təşkil edir.

§ 3. Müqavilənin standart şərtləri

Maddə 417. Müqavilənin standart şərtləri anlayışı

417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.

417.2. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır.

417.3. Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir.

Maddə 418. Müqavilənin standart şərtlərinin müqavilənin tərkib hissəsinə çevrilməsi

418.1. Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun.

418.2. Əgər müqavilənin digər tərəfi sahibkardırsa, müqavilənin standart şərtləri bu şərtlə müqavilənin tərkib hissəsi olur ki, işgüzar münasibətlərdə zəruri olan ehtiyat göstərdiyi halda o bunu nəzərdə tutmalı olsun.

Maddə 419. Müqavilələrin standart şərtlərinin qeyri-adi müddəaları

419.1. Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir.

419.2. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.

Maddə 420. Müqavilənin standart şərtlərinin etibarsızlığı

420.1. Təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində aşağıdakılar etibarsız sayılır:

420.1.1. təklif etmiş tərəfin təklifi qəbul etmək, yaxud ondan imtina etmək və ya bu və ya digər işi icra etmək üçün tənasübsüz surətdə uzun və ya aşkar qısa müddət (təklifin qəbul və icra edilməsi müddətləri) müəyyənləşdirdiyini ifadə edən müddəalar;

420.1.2. təklif etmiş tərəfin öz öhdəliklərinin icrası üçün əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən, tənasübsüz surətdə uzun və ya kifayət qədər aydın olmayan müddətlər (öhdəliklərin pozulması zamanı müddətlər) müəyyənləşdirdiyini ifadə edən müddəalar;

420.1.3. təklif etmiş tərəfə əsassız olaraq və müqavilədə göstərilmiş əsaslar olmadan öz öhdəliyinin icrasından imtina etmək hüququ (müqavilədən imtina şərti) verən müddəalar;

420.1.4. təklif etmiş tərəfə vəd olunmuş işi dəyişdirmək və ya ondan imtina etmək hüququ verən müddəalar, bir şərtlə ki, bu barədə razılaşma müqavilənin digər tərəfi üçün qeyri-məqbul olsun (dəyişiklik edilməsi şərti);

420.1.5. təklif etmiş tərəfə müqavilənin digər tərəfindən çəkilmiş xərclər üçün tənasübsüz surətdə yüksək əvəz (çəkilmiş xərclərin tənasübsüz surətdə yüksək əvəzi) tələb etmək hüququ verən müddəalar.

420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.

420.3. Təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində aşağıdakılar da etibarsız sayılır:

420.3.1. qiymətlərin əsassız qısa müddətdə yüksəldilməsini (qiymətlərin qısamüddətli yüksəldilməsi) nəzərdə tutan müddəalar;

420.3.2. müqavilə tərəfinin ona bu Məcəllə ilə verilmiş öhdəliklərin icrasından imtina etmək hüququnu və ya müqavilənin digər tərəfi öz öhdəliklərini yerinə yetirənə qədər müqavilənin icrasından imtina etmək hüququnu (icradan imtina hüququ) məhdudlaşdıran və ya istisna edən müddəalar;

420.3.3. müqavilənin tərəfini şübhəsiz və ya məhkəmə qərarı ilə müəyyənləşdirilmiş tələblərin əvəzləşdirilməsi hüququndan məhrum edən müddəalar (qarşılıqlı tələblərin əvəzləşdirilməsinin qadağan edilməsi);

420.3.4. təklif etmiş tərəfi müqavilənin digər tərəfini xəbərdar etməyə və ya öhdəliyin icrası üçün ona müddət verməyə dair (öhdəliyin icrası barədə xəbərdaretmə; müddət təyinetmə) qanunla nəzərdə tutulan vəzifədən azad edən müddəalar;

420.3.5. zərərin miqdarından çox olan məbləğin tələb edilməsinə dair razılaşma (zərərin əvəzinin ödənilməsinə dair yüksəldilmiş tələb);

420.3.6. təklif etmiş tərəfin və ya onun təmsilçisinin kobud ehtiyatsızlığı üzündən tələbin pozulması nəticəsində vurulan zərər üçün məsuliyyəti (ehtiyatsızlıq üçün məsuliyyəti) istisna edən və ya məhdudlaşdıran müddəalar;

420.3.7. təklif etmiş tərəfin əsas öhdəliyi pozduğu halda müqavilənin digər tərəfinin müqavilədən imtina etmək hüququnu məhdudlaşdıran və ya onu bu hüquqdan məhrum edən və ya müqavilənin digər tərəfini icra etməmə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan məhrum edən və ya 420.3.6-cı maddəyə zidd olaraq onun bu hüququnu məhdudlaşdıran (əsas öhdəliyinin icrası tələbinin pozulması) müddəalar;

420.3.8. təklif etmiş tərəfin öhdəliyi hissə-hissə icra etdiyi halda müqavilənin digər tərəfini bütövlükdə müqavilənin icra edilməməsi üçün zərərin əvəzinin ödənilməsini tələb etmək və ya əgər o, hissə-hissə icrada daha maraqlı deyildirsə (öhdəlik hissə-hissə icra edildikdə marağın itməsi), müqavilədən imtina etmək hüququndan məhrum edən müddəalar;

420.3.9. təklif etmiş tərəfin yeni mallar göndərilərkən və işlər görülərkən əşyanın qüsurları üçün məsuliyyətini nəzərdə tutan qaydalardan fərqli olaraq məhdudlaşdıran müddəalar.

§ 4. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi

Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları

421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

Maddə 422. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi

422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər:

422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər;

422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz;

422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı;

422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir.

422.3. Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir.

422.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir.

Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası

423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

Maddə 424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri

424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır.

424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.

424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.

424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

Mini quiz

Sual yüklənir... Proqramın son versiyasını yükləməyiniz xahiş olunur.