Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi

 

QAYDALARI

 

1. Bu Qaydalar dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi, artırılması, saxlanılması, rəsmiləşdirilməsi qaydalarını və ixtisas dərəcələrinə görə ödənilən əlavə haqların məbləğlərini müəyyən edir.

2. Dövlət qulluqçusuna ixtisas dərəcəsi Azərbaycan Respublikasının Konstitusiyası, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları ilə müəyyənləşdirilmiş şərtlər nəzərə alınmaqla, bu Qaydalara uyğun olaraq verilir.

4. Dövlət qulluğunda inzibati vəzifəni tutan dövlət qulluqçularına vəzifələrin təsnifatına uyğun olaraq ixtisas dərəcələri verilir. İxtisas dərəcələri dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.

5. Dövlət qulluqçusuna ixtisas dərəcələri aşağıdakı səlahiyyətli şəxslər tərəfindən verilir:

5.1. 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri – Azərbaycan Respublikasının Prezidenti;

5.2. dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri – müvafiq dövlət orqanının rəhbəri.

6. Dövlət qulluqçusuna ixtisas dərəcəsi onun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınaraq verilir.

6-1. İnzibati vəzifələrin ali təsnifatı istisna olmaqla, birinci – ikinci təsnifat inzibati vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə ixtisas dərəcəsi alması üçün dövlət qulluğunda azı 5 il qulluq stajı, həmin təsnifatlara daxil olan vəzifələrdə azı 3 il qulluq stajı olmalıdır.

6-2. Bu Qaydaların 6-1-ci hissəsi ilə müəyyən edilmiş tələblərə cavab verməyən dövlət qulluqçusuna, habelə təyin olunduğu inzibati vəzifənin təsnifatına uyğun ixtisas dərəcəsinə malik olmayan dövlət qulluqçusuna tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir.

6-3. Dövlət qulluqçusuna daha yüksək (növbəti) ixtisas dərəcəsi bu Qaydalara əsasən onun ixtisas dərəcəsi tutduğu vəzifəyə uyğun gəldikdə və ixtisas dərəcəsində qulluq müddəti nəzərə alınmaqla verilir.

6-4. Müvafiq inzibati və yardımçı vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün aşağıdakılar tələb olunur:

6-4.1. üçüncü – beşinci təsnifat inzibati vəzifələr üçün – ixtisas dərəcəsində qulluq müddəti 3 il təşkil etməlidir;

6-4.2. altıncı – yeddinci təsnifat inzibati vəzifələr üçün – ixtisas dərəcəsində qulluq müddəti 2 il təşkil etməlidir;

6-4.3. birinci – ikinci təsnifat yardımçı vəzifələr üçün – ixtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 2 il təşkil etməlidir;

6-4.4. üçüncü – dördüncü təsnifat yardımçı vəzifələr üçün – ixtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 1 il təşkil etməlidir.

7. Dövlət qulluqçusuna ilk dəfə ixtisas dərəcəsi ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali – üçüncü təsnifatına uyğun olan vəzifəyə təyin edildikdə və 1 – 5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci – yeddinci təsnifatına uyğun olan vəzifələr üzrə daimi dövlət qulluğuna qəbul edildikdə, yardımçı vəzifə iddiasında olanlara isə müvafiq vəzifəyə təyin edildikdə verilir.

8. Dövlət qulluqçusuna bu Qaydaların 6-1 – 6-4-cü hissələrində müəyyən edilmiş tələblər nəzərə alınmadan daha yüksək (növbəti) ixtisas dərəcəsi aşağıdakı hallarda verilə bilər:

8.1. xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticəsinə uyğun olaraq qulluq funksiyalarını nümunəvi icra etdiyinə və işindəki yüksək nailiyyətlərinə görə;

8.2. yuxarı təsnifat dövlət qulluğu vəzifəsinə təyin edildikdə.

8-1. Bu Qaydaların 8-ci hissəsində nəzərdə tutulmuş qaydada dövlət qulluqçusuna vaxtından əvvəl ixtisas dərəcəsi onun malik olduğu ixtisas dərəcəsində qulluq müddətinin ən azı yarısı keçdikdən sonra verilə bilər.

8-2. Xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticəsinə əsasən vaxtından əvvəl daha yüksək (növbəti) ixtisas dərəcəsinin verilməsinə dövlət qulluqçusunun dövlət qulluğunda qulluq etdiyi müddətdə yalnız bir dəfə yol verilir.

8-3. Yuxarı təsnifat dövlət qulluğu vəzifəsinə təyin edildiyi halda dövlət qulluqçusuna vaxtından əvvəl daha yüksək (növbəti) ixtisas dərəcəsi dövlət qulluqçusunun tutduğu inzibati vəzifədən bir təsnifat yuxarı inzibati vəzifəyə təyin edildiyi hallarda verilə bilər.

8-4. Dövlət qulluqçularına ixtisas dərəcələri verilərkən onların xüsusi, hərbi və diplomatik rütbələri nəzərə alınır.

10. Dövlət qulluqçusuna bu Qaydaların 5.2-ci bəndində nəzərdə tutulan ixtisas dərəcəsinin verilməsi dövlət orqanının rəhbərinin əmri ilə rəsmiləşdirilir.

11. 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq verilir. Bu ixtisas dərəcələrini alan dövlət qulluqçusuna müvafiq hüquqi akt və vəsiqə verilir.

Mini quiz

Sual yüklənir... Proqramın son versiyasını yükləməyiniz xahiş olunur.

 

 

12. İxtisas dərəcələrinin verildiyi gündən başlayaraq dövlət qulluqçusuna hər ay aşağıdakı məbləğdə vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq ödənilir:

 
Sıra №-si İxtisas dərəcəsi Məbləğ (manatla)
1. Həqiqi dövlət müşaviri 600
2. 1-ci dərəcə dövlət müşaviri 550
3. 2-ci dərəcə dövlət müşaviri 500
4. 3-cü dərəcə dövlət müşaviri 450
5. Dövlət qulluğunun baş müşaviri 400
6. Dövlət qulluğunun müşaviri 350
7. Dövlət qulluğunun kiçik müşaviri 300
8. 1-ci dərəcə dövlət qulluqçusu 275
9. 2-ci dərəcə dövlət qulluqçusu 250
10. 3-cü dərəcə dövlət qulluqçusu 225
11. Kiçik dövlət qulluqçusu 200
12. Dövlət qulluğunun baş referenti 175
13. Dövlət qulluğunun böyük referenti 150
14. Dövlət qulluğunun 1-ci dərəcə referenti 125
15. Dövlət qulluğunun 2-ci dərəcə referenti 100
16. Dövlət qulluğunun 3-cü dərəcə referenti 75
17. Dövlət qulluğunun kiçik referenti 50
 

13. Dövlət qulluqçusuna ixtisas dərəcəsinə görə əlavə haqqın ödənişi onun qulluq keçdiyi dövlət orqanı üçün dövlət büdcəsində nəzərdə tutulmuş əmək ödənişi fondu hesabına həyata keçirilir. Bu məqsədlə hər il növbəti il üçün dövlət büdcəsinin layihəsi hazırlanarkən, bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş baza aylıq vəzifə maaşının (birinci ödəniş pilləsi) ali kateqoriya dövlət orqanları üzrə – 0,6 misli, 1-ci kateqoriya dövlət orqanları üzrə – 0,8 misli, 2-ci kateqoriya dövlət orqanları üzrə – 0,9 misli, 3-cü kateqoriya dövlət orqanları üzrə – 1,2 misli, 4-cü kateqoriya dövlət orqanları üzrə – 1,7 misli və 5-ci kateqoriya dövlət orqanları üzrə – 2 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur.

13-1. Dövlət qulluqçusunun Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsindən məhrum edilir.

14. Bu Qaydaların 13-1-ci hissəsində nəzərdə tutulan hal istisna olmaqla, dövlət qulluğuna xitam verildiyi digər hallarda dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsini saxlayır.

15. Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən intizam tənbehi qaydasında dövlət qulluqçusunun ixtisas dərəcəsi (bu Qaydaların 11-ci hissəsinə uyğun olaraq verilmiş ixtisas dərəcələri istisna olmaqla) bir pillə aşağı salına bilər. İntizam tənbehinin tətbiqi qaydasında dövlət qulluqçusunun ixtisas dərəcəsi təqvim ili ərzində yalnız bir dəfə aşağı salına bilər. Bu qaydada aşağı salınmış ixtisas dərəcəsində qulluq müddəti həmin intizam tənbehinin verilməsi haqqında əmrin imzalandığı gündən hesablanır.

15-1. İxtisas dərəcəsinin verilməsi, aşağı salınması və ixtisas dərəcəsindən məhrumetmə tətbiq olunarkən dövlət qulluqçusunun şəxsi işində və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda əmək kitabçasında müvafiq qeydlər edilir.

16. Dövlət qulluqçularına bu Qaydaların 5.2-ci bəndində nəzərdə tutulan ixtisas dərəcələrinin verilməsi ilə əlaqədar mübahisələrə, ixtisas dərəcəsini verən müvafiq dövlət orqanında, həmin orqanın və ya dövlət qulluqçusunun, habelə dövlət qulluğuna xitam verilmiş şəxsin müraciəti əsasında Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasında və ya bilavasitə məhkəmədə baxılır.

Mini quiz

Sual yüklənir... Proqramın son versiyasını yükləməyiniz xahiş olunur.